ABŞ-ın üç avtomobil zavodunun 13 minə yaxın işçisi tətilə başlayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ-ın General Motors, Ford Motor və Stellantis NV avtomobil zavodlarının 13 minə yaxın işçisi tətilə başlayıb. Buna səbəb əməkhaqqının artırılması ilə bağlı istehsalçılar və avtomobil sahəsi işçiləri birləşmiş həmkarlar ittifaqı (UAW) arasında razılıq əldə olunmamasıdır.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, tətil ilk dəfədir hər üç avtomobil istehsalçısının müəssisələrində eyni vaxta keçirilir. Adətən UAW tətil üçün Amerikanın üç böyük avtomobil şirkətindən birini seçirdi.
Birləşmiş həmkarlar ittifaqı rəhbərinin sözlərinə görə, aksiya gələcəkdə digər zavodlara da yayıla bilər. O, bütün həmkarlar ittifaqı üzvlərini, lazım gələrsə, tətildə iştirak etməyə hazır olmağa çağırıb.
General Motors, Ford Motor və Stellantis kompaniyalarında ümumilikdə UAW üzvü olan təxminən 150 min işinin çalışdığı, avtomobil istehsalçılarının həmkarlar ittifaqı üzvləri ilə dördillik müqaviləsinin avqustun 14-də başa çatdığı bildirilir.
Həmkarlar ittifaqı şirkətlərdən pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərlə yanaşı, dörd il ərzində əməkhaqlarının 46 faiz artırılmasını tələb edir. Avtomobil istehsalçıları isə əməkhaqqının daha az miqdarda artımlarını qəbul etməyə hazır olduqlarını bildirirlər. Məsələn, General Motors maaşların 10 faiz, yaxud birdəfəlik ödənişlər nəzərə alınmaqla 16 faiz artırılmasını təklif edib.