ABŞ iqtisadiyyatının stimullaşdırılması tədbirləri federal büdcə kəsirini 2,4 trilyon dollar artıracaq
Vaşinqton, 17 iyun, AZƏRTAC
Koronavirus pandemiyasının iqtisadiyyata təsirini azaltmaq məqsədilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş iqtisadiyyatın stimullaşdırılması üzrə kompleks tədbirlər ölkənin federal büdcə kəsirini daha 2,4 trilyon dollar artıracaq.
AZƏRTAC xəbər verir ki, Konqresin Büdcə İdarəsinin nümayəndələri büdcə kəsirinin artımının əsas hissəsini Prezident Donald Trampın martın 27-də imzaladığı “Koronavirus dövründə kömək, yumşaldılma və iqtisadi təhlükəsizlik haqqında Qanun”un (CARES) təşkil etdiyini bildiriblər. Qanunda nəzərdə tutulan xərclərin büdcə kəsirinə on il ərzində 1,72 trilyon dollar əlavə olunacağı gözlənilir. “CARES” qanununa COVID-19 pandemiyası zamanı əməkhaqlarının və digər xərclərin ödənilməsi üçün kiçik müəssisələrə 350 milyard dollar miqdarında qrant təqdim etmiş “Əməkhaqqının müdafiəsi proqramı” daxil edilib.
Əməkhaqqının müdafiəsi proqramının aprel ayında genişləndirilməsini özündə əks etdirən daha bir qanun layihəsinə əsasən, federal büdcə kəsirinə borcun növbəti hissəsi - 483 milyard dollar əlavə olunub. Tramp, həmçinin aprelin 24-də “Səhiyyə sisteminin gücləndirilməsi haqqında Qanuna” imza atıb.
Həmçinin bildirilir ki, xəstəliyə görə məzuniyyət və işsizliyin artması ilə bağlı dəstək proqramını nəzərdə tutan “Ailələrdə koronavirus xəstəliklərinə reaksiya haqqında Qanunun” imzalanması büdcə kəsirini 192 milyard dollaradək artıracaq. Bunlardan əlavə, martın 8-də imzalanmış “Koronavirusa qarşı mübarizəyə hazırlıq və cavab tədbirləri ilə bağlı əlavə təxsisatlar haqqında Qanun” büdcə kəsirinin daha 8 milyard dollar miqdarında artmasına səbəb olacaq.
Qeyd etmək lazımdır ki, Konqres amerikalılar üçün çeklərin ikinci dəfə birbaşa ödənilməsini və işsizlik müavinətlərinin genişləndirilməsini təmin edə biləcək iqtisadiyyatın stimullaşdırılması üzrə beşinci tədbirlər paketinin qəbulu ilə bağlı müzakirələri davam etdirir. Bu arada Nümayəndələr Palatasındakı demokratlar büdcəyə 3 trilyon dollar məbləğində başa gələcək qanun layihəsini təqdim ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu