ABŞ Konqresinin binası qarşısında etiraz aksiyası zamanı 4 nəfər həlak olub VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Vaşinqtonun hakimiyyət orqanları ABŞ Konqresinin binası qarşısında etiraz aksiyası zamanı, ümumilikdə, 4 nəfərin öldüyünü təsdiqləyiblər.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, bu barədə paytaxt polisinin başçısı Robert Konti mətbuat konfransında bildirib.
O, Konqres binasında bir qadının odlu silahdan açılan atəş nəticəsində öldüyünü deyib. Həmçinin daha 3 ölüm hadisəsinin qeydə alındığını söyləyib, amma həmin insanların ölümünün konkret səbəblərini açıqlamayıb.
Robert Kontinin sözlərinə görə, nümayiş zamanı paytaxt polisinin azı 14 əməkdaşı yaralanıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına soxulub. Qanunvericilər təhlükəsiz yerə təxliyə edilib, amma sonra geri qayıdıblar.