ABŞ SƏFİRİ XALQIMIZI MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
ABŞ-ın Bakıdakı səfiri Ross Uilson Azərbaycan müsəlmanlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik etmiş, xalqımıza sülh və əmin-amanlıq arzulamışdır. Təbrikdə deyilir: “Amerika Birləşmiş Ştatları xristian, yəhudi və digər dinlərə mənsub olan insanların yaşadığı ölkə olduğu kimi, həm də islam ölkəsidir. İmmiqrasiya, başqa dinlərə etiqad edənlərin islam dinini qəbul etməsi bu dini Amerikada sürətlə yayılan bir dinə çevirir. Ölkənin həm səfiri, həm də vətəndaşı kimi mən bunu özüm üçün fəxr bilirəm.
1991-ci il iyunun 15-də Nyu-Yorkun Bruklin rayonunda yerləşən əl-Təqva məsçidinin imamı Sirac Vəhac ABŞ-ın Nümayəndələr palatasında bir dua oxudu. O, Qurani-kərimdəki bir surədən belə sitat gətirdi: “Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. Onun bu sözləri amerikalılara plüralizim və dözümlülük ənənələrimizə uyğun olaraq yaşamağı, dini, mədəni və digər müxtəlifliklərimizə ixtilaf və nifrət mənbəyi kimi baxmağı deyil, bunlardan yaşamaq və inkişaf etmək imkanları kimi bəhrələnməli olduğumuzu xatırlatdı”.
Təbrikdə daha sonra bildirilir ki, bizim hamımız, həm azərbaycanlılar, həm də amerikalılar yaxşı bilirik ki, terrorçuların nə dini mənsubiyyəti, nə də milliyyəti var. Mənim ölkəmə qarşı törədilən hücumların, eləcə də Azərbaycana və digər ölkələrə qarşı bir çox illər ərzində törədilən terror hücumlarının islam, xristian, yəhudi dinləri və ya başqa dinlərlə əlaqəsi yoxdur. Bu hücumlar şər qüvvələrin əməlləridir. Bu qüvvələrin qarşısını isə biz birlikdə almalıyıq. Biz bir-birimizi daha yaxşı tanımağa, özümüz və uşaqlarımız üçün daha yaxşı, təhlükəsiz və firavan bir həyat qurmağa çalışmalıyıq.