Abşeron rayonunda tikilən çoxmərtəbəli binadan ustanın yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də saat 14 radələrində Abşeron rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun “Stansiya Sumqayıt” adlı yaşayış massivində inşa olunan çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.