Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb
Xırdalan, 16 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, rayonun Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə Mərkəzin rəsm dərnəyinin üzvlərinin və Abşeronun ümumtəhsil məktəblərinin yeniyetmə rəssamlarının Ümumxalq Hüzn Gününü əks etdirən 100-dən çox rəsm əsəri nümayiş olunub.
Rayon icra hakimiyyəti, Ağsaqqallar Şurası, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələrinin, ziyalıların, ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.
Anım tədbirində çıxış edən Mərkəzin direktoru Aytən Rüstəmova, Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev xalqımızın azadlıq mübarizəsindən, 30 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib.