Abşeronda şəhid Elşən Müslümovun barelyefi açılıb
Xırdalan, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun xatirə lövhəsinin açılışı olub.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd ediblər. I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən şəhidlərimiz 150-dən çoxunun adına Abşeronda küçə salındığını deyən icra başçısı İradə Gülməmmədova qeyd edib ki, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə şəhid E.Müslümovun adının verildiyi və barelyefinin yaradıldığı vurğulanıb. Bildirilib ki, bu xatirə guşəsi gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində, eləcə də şəhidlərimizin, qazilərimizin hesabına torpaqlarımızın işğalına son qoyulub.
Şəhid ailələri, qəhrəmanımızın səngər yoldaşları və ictimaiyyət nümayəndələri Elşən Müslümov barəsində xatirələrini danışaraq Allahdan ona rəhmət diləyiblər.
Şəhidin ailə üzvləri Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.