ABŞERONDA TELEFON ABONENTLƏRİNİN SAYI İKİ DƏFƏ ARTACAQDIR
Abşeron Telekommunikasiya Qovşağının rəisi Elmar Hümbətəliyev AZƏRTAC-a bildirmişdir ki, yeni tikiləcək elektron ATS-lər hesabına 2008-ci ilin sonunadək rayonda telefon abonentlərinin sayı 23.176-dan 48.216-ya çatdırılacaqdır.
Bütün kəndlərin telefon xətləri şəbəkəsinin yenidən qurulması ilə bağlı layihələr hazırlanmışdır və tezliklə daxili imkanlar hesabına icrasına başlanacaqdır. Yeni stansiyada NGN-nin (yeni nəsil şəbəkələr) tətbiqi ilə bağlı təmir işləri aparılır. Sloveniyadan alınmış müasir avadanlıq artıq sentyabrda ölkəyə gətiriləcəkdir. Bu stansiya Hökməli, Qobu və Qobustan kəndlərinin ərazilərini əhatə edəcəkdir. Bundan əlavə, rayonun 5 yaşayış məntəqəsində - Qobu, Yuxarı Güzdək, Aşağı Güzdək, Pirəkəşkül və Çaylı kəndlərində ilin sonunadək telefon xətləri fiber-optik kabellə əvəzlənəcəkdir.
Rabitə xidmətlərinin ödənişi ilə bağlı heç bir problem yoxdur. Cari ilin ilk 7 ayı ərzində 1 milyon 285 min 400 manat proqnoza qarşı 1 milyon 335 min 800 manat vəsait toplanmışdır.
Hazırda rayon ərazisində “Abşeron” gənclər şəhərciyinin, “Ər-Riyad” ticarət mərkəzinin, “Badamlıq” və “Qurtuluş-93” yaşayış massivlərində məskunlaşacaq əhalinin rabitə xidmətləri ilə əhatə olunması üçün müvafiq layihələr hazırlanır.