SİYASƏT
ADA Universitetində BMT Günü qeyd olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin nəşrləri sərgilənib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm adamları ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışıb. O, rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Rektor bildirib ki, BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin iştirakı ilə BMT Gününün ADA Universitetində keçirilməsi universitet üçün mühüm hadisədir.
Hafiz Paşayev tədbir iştirakçılarına BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti haqqında ətraflı məlumat verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ötən 74 ildə təşkilatın gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.
Qulam İshaqzai diqqətə çatdırıb ki, Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək.
BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu vurğulayıb. O, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyini vurğulayıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ayrı-ayrılıqda götürülə bilməz. Onlar hamısı bir-biri ilə qarşılıqlı əlaqədə paralel olaraq aparılmalıdır.
“Gələn il BMT-nin 75 illiyi qeyd olunacaq. Biz çalışmalıyıq ki, BMT-yə olan etimadı daha da artıraq, qarşıda duram məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirək”, - deyə BMT Baş Assambleyasının Prezidenti qeyd edib.
Sonra BMT-nin əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayevanın moderatorluğu ilə dəyişən həyatlar mövzusunda təqdimatlar olub.
Tədbirdə BMT-nin 2020-ci ildə qeyd olunacaq 75-ci ildönümü üçün geri sayım başlayıb.