ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır
Bakı, 3 iyun, AZƏRTAC
Qərbi azərbaycanlıların problemi yalnız XX əsrin sonlarında baş verən hadisələrlə əlaqəli ayrıca hadisə kimi deyil, xalqların zorla köçürülməsinin çoxəsrlik tarixi kontekstində nəzərdən keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin professoru Daniel Pomye Vinçelli “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans çərçivəsində keçirilən panel iclasında ifadə edib.
Professorun sözlərinə görə, məcburi köçkünlük fenomeni müasir milli dövlətlərin yaranmasının nəticələrindən biridir və dərin tarixi köklərə malikdir; oxşar proseslər XIX əsrin sonlarından bəri müşahidə olunur və dünyanın müxtəlif xalqlarına, bölgələrinə təsir göstərib.
Vinçelli Şimali Qafqazdan çərkəzlərin və Balkan yarımadasından türklərin kütləvi köçünü, yunan-türk əhali mübadiləsini və İkinci Dünya müharibəsindən sonra almanların köçürülməsini xatırladıb. O qeyd edib ki, müxtəlif tarixi dövrlərdə beynəlxalq ictimaiyyət bu cür proseslərə nəinki dözümlü yanaşıb, həm də onları qanuniləşdirib.
Professor vurğulayıb ki, Sovet İttifaqının süqutundan sonra bu problemə yanaşma dəyişib. Bu gün beynəlxalq ictimaiyyət artıq məcburi köçkünlüyü dövlət quruculuğu üçün məqbul bir vasitə kimi görmür, lakin hələ də bu cür məsələlərin həlli üçün universal mexanizm hazırlamayıb.
Məcburi köçkünlüyün nəticələrinin aradan qaldırılması üçün yeni yanaşmalar tapmağın zəruriliyini qeyd edən Vinçelli, həmçinin Qərbi azərbaycanlıların didərgin salınmasını artıq birdəfəlik qırılmalı olan oxşar faciələrin uzun tarixi zəncirinin son halqalarından biri adlandırıb.