Fransa Ay və Mars missiyası üçün 250 milyon avro sərmayə ayırır
Paris, 3 iyun, AZƏRTAC
Tuluzda fəaliyyət göstərən “Venturi Space” şirkəti Ay və Mars missiyaları üçün texnologiyaların hazırlanmasına yönəlmiş yeni texnoloji mərkəzin yaradılması məqsədilə 250 milyon avro sərmayə yatıracağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Venturi Space”in yeni texnoloji mərkəzi Tuluzun mərkəzində 16 min kvadratmetr sahədə fəaliyyət göstərəcək. Mərkəz Ay və Mars üçün nəzərdə tutulan qabaqcıl texnologiyaların hazırlanması üzrə ixtisaslaşacaq. Burada enerji idarəetmə sistemləri, yüksək elastikliyə malik xüsusi təkərlər və yüksək performanslı batareyalar hazırlanacaq. Eyni zamanda, kosmik səth nəqliyyat vasitələri olan astromobillərin yekun yığılması da məhz bu mərkəzdə həyata keçiriləcək.
“Venturi Space”in kosmik layihələr üzrə direktoru doktor Antonio Delfino bildirib ki, yeni obyekt şirkətin Avropadakı əsas texnoloji bazasına çevriləcək.
“Bu mərkəz “Venturi Space”in Avropadakı flaqman layihəsi olacaq”, – deyə o vurğulayıb.
Şirkət hazırda beynəlxalq tərəfdaşlıqlarını da genişləndirir. ABŞ-nin “Venturi Astrolab” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış CLV-1 adlı astromobil artıq NASA tərəfindən seçilib və 2028-ci ildən etibarən astronavtların Ay səthində hərəkət etməsinə xidmət etməsi nəzərdə tutulur.
Həmçinin şirkət 2025-ci ilin iyun ayında tamamilə Avropada hazırlanmış Mona Luna adlı Ay nəqliyyat vasitəsini də təqdim edib.
Doktor Antonio Delfinonun sözlərinə görə, Tuluzdakı yeni mərkəzdə çalışan mütəxəssislər mürəkkəb sistemlərin inteqrasiyası, kritik texnologiyaların hazırlanması və ekstremal şəraitdə fəaliyyət göstərə biləcək astromobillərin yığılması üzərində çalışacaqlar.