ADAU-da “Rebuild Karabakh” hakatonuna hazırlıq infosessiyası keçirilib
Gəncə, 16 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Rebuild Karabakh” hakatonuna hazırlıq məqsədilə infosessiya keçirilib.
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “WUF2026 - Ağıllı Şəhər, Yaşıl Gələcək” proqramı çərçivəsində təşkil olunan hakatonun məqsədi Qarabağın yenidən qurulması prosesinə gəncləri, mütəxəssisləri və innovativ ideyaları cəlb etməkdir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, infosessiyada universitetin tələbələrinə və innovasiya mərkəzinin startapçılarına hakaton barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Hakaton iştirakçıları “ağıllı şəhərlər”, “yaşıl texnologiyalar” və “dayanıqlı inkişaf” mövzularında innovativ layihələr və texnoloji həllər təqdim edəcəklər. Layihənin əsas məqsədi yalnız ideya formalaşdırmaq deyil, həm də gələcəyin Qarabağını müasir, ekoloji və yaşıl standartlara uyğun şəkildə dizayn etməkdir.