Adil Vəliyev: Aliment öhdəliyi olan şəxslərin həssas qrup kimi tanınması təmin edilməlidir
Bakı, 19 may, AZƏRTAC
Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünüməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
Alimentlə bağlı problemlərin çox ciddi olduğunu diqqətə çatdıran A.Vəliyev əlavə edib: “Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin dörddəbir, üçdəbir və ikidəbir hissəsində təyin olunur. Belə alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda, kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda, ya da onu sübut eləmək olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əməkhaqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da vardır. Mən hesab edirəm ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünüməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır. Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər”.