ELM VƏ TƏHSİL
ADPU-da “Alqoritmika” tədris proqramı ilə bağlı infosessiya keçirilib






Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin əməkdaşlığı ilə tələbələr üçün təşkil olunan “Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramı ilə bağlı infosessiya keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, “Alqoritmika” şirkətinin nümayəndəsi, layihə rəhbəri Qəmər Məmmədova, “Code for future” layihəsinin meneceri Nəzrin Əliyeva, ADPU-nun Kompüter elmləri kafedrasının müdiri Səadət Mazanova, ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin riyaziyyat və informatika müəllimliyi və informatika müəllimliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri iştirak ediblər.
Qeyd edək ki, tələbələrin informatika və rəqəmsal bacarıqlar sahəsində səriştələrinin artırılması məqsədilə reallaşdırılan layihədə kompüter elmləri və “Scratch”də proqramlaşdırma, rəqəmsal bacarıqlar proqramında “Python” üzrə fənn biliyi, bununla yanaşı “Rəqəmsal bacarıqlar” layihəsi icra olunan ümumtəhsil məktəblərində praktiki tədris təcrübəsi mənimsədilir.