ADU-da 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) 31 mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
ADU-nun Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tələbə-müəllim heyətinin qatıldığı tədbiri Universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev açaraq Azərbaycanın hər yerində soyqırıma həsr edilmiş silsilə mərasimlərin keçirildiyini diqqətə çatdırmışdır.
Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini deyən Ə.Əliyev 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd etmişdir. Azərbaycan xalqının dəfələrlə deportasiyaya, soyqırıma məruz qaldığını vurğulayan prorektor bu məkrli siyasətin ermənilərin havadarlarının köməyi ilə reallaşdırıldığını bildirmişdir.
Ə.Əliyev 31 mart- Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd etmişdir. O, Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 31 martın rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edildiyini iştirakçıların nəzərinə çatdırmışdır. Prorektor xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini xüsusi vurğulamışdır. Maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacib olduğunu söyləyən Ə.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə uğurlu və ardıcıl siyasət yürütdüyünü bildirmişdir.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Samir Həmidov soyqırımı faktorunun birdən-birə yaranmadığına toxunmuşdur. Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı ermənilərdən istifadə etmək planlarının sonradan acı nəticələr verdiyini deyən S.Həmidov ermənilərin zaman-zaman öz məkrli siyasətini həyata keçirmək üçün məqam axtardıqlarını demişdir. Tarix kafedrasının baş müəllimi Asif Abbasov tarixi sənədlərə istinad edərək demişdir ki, erməniləri çar Rusiyası daim himayə etmişdir. Çar Rusiyasının Qafqaz siyasətindən danışan alim imperiya rəhbərlərinin ermənilərin himayə olunması ilə bağlı verdiyi qərarları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tarix kafedrasının müəllimi Namiq Abbasov 31 mart soyqırımı faktının araşdırılması ilə bağlı istintaq komissiyasının yaradıldığını söylədi. O, araşdırmaların nəticəsi olaraq 36 cilddən ibarət 3500 səhifəlik sənədin olduğunu diqqətə çatdırmışdır.
Sonda Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbələri Cavid Əsgərov və İsa Qəmbərlinin hazırladıqları vətənpərvərlik ruhunda slayd nümayiş olunmuşdur.