AFFA-NIN İCRAİYYƏ KOMİTƏSİ BİR SIRA MÜHÜM QƏRARLAR QƏBUL ETMİŞDİR
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İcraiyyə Komitəsi Məzahir Süleymanzadəni fövqəladə məsələlər şurasının katibi təsdiq etmişdir. Azərbaycanın yığma futbol komandasının məşqçiləri - Karlos Alberto Torres (baş məşqçi), Əsgər Abdullayev, Elxan Abdullayev (məşqçilər), Marsello Kampello (ümumi fiziki hazırlıq üzrə məşqçi) təsdiq olunmuşlar.
“U-21” komandasına Vaqif Sadıqov, “U-19” komandasına Nadir Qasımov, “U-17”-yə isə Şakir Qəribov başçılıq edəcəklər.
İcraiyyə Komitəsinin iclasında daimi və müvəqqəti komissiyaların sədrləri də təsdiq olunmuşlar. Azərbaycan çempionatının ikinci dövrəsinin və ölkə kuboku oyunlarının təqvimi bəyənilmişdir. Milli çempionatın ikinci dövrəsi martın 13-də başlayacaqdır.
AFFA İcraiyyə Komitəsinin qərarı ilə transferlərə icazə verilməmişdir. Belə ki, FİFA-nın qaydalarına görə, oyunçular digər klublara ancaq çempionatın əvvəlində və ya çempionatın birinci və ikinci dövrələri arasında keçə bilərlər.
İcraiyyə Komitəsinin üzvləri AFFA-nın növbəti konfransının vaxtını da təsdiq etmişlər. Konfrans iyulun 10-da keçiriləcəkdir.
İclasda bir sıra digər məsələlər də müzakirə olunmuşdur.