Ağac əkmək xeyirxah və savab bir işdir
Bakı, 5 aprel, AZƏRTAC
“Gözəllik bir möcüzədir. Gözəlliyi sevmək, ondan zövq almaq insanı xoşbəxt edir. Lakin gözəlliyi yaşatmaq hamısından gözəldir, çünki bu iş bəşəri mahiyyət daşıyır”, - deyə İdman TV-nin rəhbəri Rövşən Binnətli aprelin 5-də paytaxtın Xocasən qəsəbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyasına münasibət bildirib.
Tədbirin iştirakçıları sırasında olan idman jurnalisti daha sonra deyib: “Bu gün özümdə çox qəribə bir yüngüllük, rahatlıq hiss edirəm. Necə ki, kimisə sevindirirsən, kiməsə əl tutursan, hansısa çətin bir işi aşırırsan və ondan sonra qəlbinə xoş duyğular hakim kəsilir, indi də eləcə... Səhərin erkən çağı Xocasən gölünün sahilində yerləşən bu çılpaq düzlərin sinəsinə bir neçə körpə fidan basdırandan sonra bu rahatlığı özümdə tapdım. Hesab edirəm ki, bu günü yaşadım, bu gün bir insan kimi öz üzərimə düşən missiyanı az-çox yerinə yetirdim”.
“Ağac əkmək xeyirxah və savab bir işdir. Ramazan ayında belə bir iş görmək məncə, xüsusən yerinə düşür. Peyğəmbərimiz əbəs yerə demirdi ki, “ömrünün sonuna bir gün qalsa da, ağac ək”. Ağac bizim bu dünyada qoyub getdiyimiz ən gözəl izlərdən, yadigarlardan biridir. İnanıram ki, nə vaxtsa bu yoldan ötüb keçənlər gözlərə, könüllərə rahatlıq gətirən yaşıllığı seyr edəndə, yolçular günün od ələyən istisində ayaq saxlayıb bir hovur kölgəlikdə nəfəs dərəndə, barlı budaqların məhsulundan dadanda onu əkənlərin ünvanına yalnız və yalnız xoş sözlər deyəcəklər. Savabı, əbədiyyəti isə belə xeyirxah əməllərlə qazanmaq olar”,-deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.