Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur VİDEO
Ağcabədi, 25 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Ağcabədi şəhərində 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Səhmdar cəmiyyətin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin mühəndisi Mirzağa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusunun qazılması, hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarının tikintisi nəzərdə tutulub. Hazırda subartezian quyularının qazılması və anbarların tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda, su mənbəyindən şəhərə çəkiləcək 23 kilometr uzunluğunda magistral su xəttinin 15 kilometrlik, 214 kilometr su şəbəkəsinin 145 kilometrlik hissəsində işlər yekunlaşıb. Yeni su şəbəkəsindən 8200 ünvana birləşmə veriləcək və abonentlər sayğacla təmin olunacaq. İndiyədək 4500 ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.
Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 196 kilometr kanalizasiya şəbəkəsinin 174 kilometrlik hissəsi, eyni zamanda, 9 kilometr kanalizasiya kollektorunun inşası yekunlaşıb. Dörd yeni kanalizasiya-nasos stansiyasının üçündə işlər başa çatdırılıb.
Şəhərdə yaranacaq tullantı sularının zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək. Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisinə də başlanılıb.
Kanalizasiya və su xətlərinin çəkildiyi küçələrdə asfaltlama işləri aparılır. Artıq Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, S.Vurğun, F.Əlizadə, N.Nərimanov, Ü.Hacıbəyli, Qarabağ, Ş.Cəmşidov, E.Sadıqov, Ş.Qurbanov küçələrinə yeni asfalt örtük salınıb.
Su və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlərin 2018-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.