Ağcabədidə fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları Ağcabədi rayonu, Ağcabədi–Bəhrəmtəpə yolunda yerləşən, fiziki şəxs Röyal Bəhlul oğlu Səfərova məxsus “Şah” kafesində yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı istehlaka təqdim edilən ət məhsullarına aid müşayiətedici sənədlərin olmadığı, süd və ət məhsullarının etiket məlumatları ilə təmin edilmədiyi, mal qonşuluğu prinsipinin pozulduğu, istifadə olunan suyun filtrdən keçirilmədiyi, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcbur göstərişlər verilib.
“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin olunması məqsədilə nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.