AĞDAM RAYON TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağdam rayonu təhsil işçilərinin konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova 2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmiş, müzakirələr aparılmışdır. Bildirilmişdir ki, keçən dərs ilində rayonda 151 ümumtəhsil məktəbi, 30 məktəbəqədər müəssisə, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, orta məktəblərdə 22 min 242 şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 4 min 228 müəllim məşğul olmuşdur.
2008-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 1588 məzundan 580 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, 232 nəfər müxtəlif universitetlərin tələbəsi adını qazanmışdır. Məzunlardan 22 nəfəri 500-dən, 6 nəfəri 600-dən çox bal toplamışdır.
“Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)” əsasında mühüm işlər görülmüşdür. Belə ki, 2003-cü ildən başlayaraq 29 yeni məktəb binası tikilmiş, işğal olunmamış ərazidə fəaliyyət göstərən 28 ümumtəhsil məktəbinin 23-ü əsaslı təmir edilmişdir. 2008-ci ildə Quzanlı qəsəbəsində 640 yerlik orta məktəb binası və II Baharlı kənd əsas məktəbi əsaslı təmir edilmişdir. Mingəçevir şəhərində rayonun 24 nömrəli məktəbi üçün ikimərtəbəli, 180 yerlik bina tikilmişdir. Təmir olunmuş və tikilmiş məktəb binaları yeni dərs ilində istifadəyə veriləcəkdir. Bunlarla yanaşı, Daxili İşlər Nazirliyinin köməyi ilə Quzanlı qəsəbəsində 100 yerlik uşaq bağçası tikilmişdir. Xındırıstan kəndində tikilən digər uşaq bağçasında isə tamamlama işləri aparılır.
Konfransda çıxış edənlər təhsil islahatlarından, qazanılan uğurlardan danışmış, bu işdə ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini minnətdarlıqla xatırlatmışlar.
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara rayon icra hakimiyyətinin mükafatları və fəxri fərmanları verilmişdir.
Konfransda Azərbaycan müəllimlərinin XIII qurultayına 14 nəfərlik nümayəndə heyəti seçilmişdir.