Ağdam rayonunda avtomobil yollarının yenidən qurulması diqqət mərkəzindədir
Ağdam, 24 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Həyata keçirilən layihələr sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyev rayonun Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan hissəsində yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı beş Sərəncam imzalayıb. Son illərdə rayonda ümumi uzunluğu 100 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı, Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı, Səfərli-Zəngişalı-Hacılar avtomobil yolları yenidən qurulub.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.