Ağdam, Şəmkir və Cəbrayılda kəhrizlərdə bərpa işləri aparılır
Bakı, 26 oktyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəlikləri Ağdam, Şəmkir və Cəbrayıl rayonlarına monitorinq səfəri həyata keçirib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını qiymətləndirmək olub. Layihə sahələrinə baş çəkməzdən əvvəl Mingəçevirdə tamamlanan və planlaşdırılan bərpa işlərinin icmalı ilə bağlı görüş keçirilib. İştirakçılar gələcək planları və bərpa olunan kəhrizlərin təhvil verilmə tarixlərini müzakirə ediblər.
Layihə sahələrinə səfər zamanı BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Amr Taha kəhrizlərin bərpasının fərdi ev təsərrüfatları səviyyəsində su və gigiyena imkanlarının yaxşılaşdırılmasına, icma səviyyəsində iqtisadi inkişafa töhfə verdiyini və daha geniş miqyasda Azərbaycanın yaşıl və ağıllı yaşayış məntəqələrinin yaradılması konsepsiyasına dəstək olduğunu qeyd edib. “Bütün bunlar Azərbaycanın hüdudlarından kənarda da təkrarlanması lazım olan layihə üçün heç də kiçik töhfələr deyil”, - deyə Amr Taha vurğulayıb.
Monitorinq qrupu Ağdam və Şəmkir rayonlarında yerli icmalara təhvil verilmiş kəhrizlərə onların hazırkı vəziyyətlərini qiymətləndirmək üçün baxış keçirib, Cəbrayıl rayonundakı “Əsgər”, “Orta”, “Xəlifə dərəsi”, “Gül Qasım”, “Sığı” kimi kəhrizlərdə aparılan və planlaşdırılan bərpa işləri ilə tanış olublar. Qrup üzvləri, həmçinin layihənin icrasında iştirak edən kankanlar, mühəndislər və yerli sakinlərlə də görüşüb.
Şəmkir rayonunun İrmaşlı kənd bələdiyyəsinin sədri Qalib Atakişiyev təşkilatın Qaraoğlanlı kəhrizlərinin bərpası istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, vurğulayıb ki, bərpa edilərək təhvil verilən kəhrizlər iqlim dəyişikliyinin mənfi təsiri olan su qıtlığı ilə üzləşən kənd sakinlərinin içməli su ilə təminatında mühüm əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində indiyədək BMqT-nin Azərbaycan nümayəndəliyi Ağdam, Goranboy, Füzuli, Göygöl, Qazax, Şəmkir və Cəbrayıl rayonlarındakı ümumilikdə 28 kəhrizi bərpa edib.
Ümumi məqsəd Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.