AĞDAMDA AZƏRBAYCAN POLİSİNİN 90 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan polisinin 90 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində yerləşən abidəsinin önünə gül-çiçək dəstələri və əklil qoymuşlar.
Tədbirdə Ağdam Rayon Polis Şöbəsinin rəisi polkovnik-leytenant Hüseyn Əliyev Azərbaycan polisinin yaranmasının 90 illiyi ilə bağlı məruzə etmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərdən, o cümlədən 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin yaranmasından danışmışdır.
Azərbaycan Respublikasında polisin fəaliyyətindən danışan natiq bildirmişdir ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir. Cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin, vətəndaşların konstitusion hüquq və azadlıqlarının, həyat və sağlamlıqlarının qorunması vəzifələrini yerinə yetirən Azərbaycan polisinin uğurlu fəaliyyətinin nəticəsidir ki, respublikamız cinayətkarlıqla mübarizənin nəticələrinə və asayişin təmininə görə MDB məkanında və Şərqi Avropada öncül yerlərdən birini tutur.
Hüseyn Əliyev bildirmişdir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqına, Vətəninə, ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev peşə bayramı münasibətilə polis işçilərini təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.
Xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Tədbir Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.