Ağdamda əl qumbarası tapılıb
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 23-də saat 19:04-də Daxili İşlər Nazirliyinin ″102″ Zəng Xidməti Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Evoğlu kəndi ərazisində evin həyətində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd korroziyaya uğramış əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 30 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.