Ağdaşda ictimai iaşə müəssisələrində reyd keçirilib, qaydaları pozanlar cərimələnib
Bakı, 21 avqust, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində sanitar-karantin rejim qaydalarının pozulduğu ictimai iaşə müəssisələri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə keçirilən reyddə karantin rejimi qaydalarına əməl etməyən, eləcə də sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb. Polis və Agentliyin əməkdaşları sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıb, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda da reydlər davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.
Ümumilikdə, qaydaları pozduqları üçün iki çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barədə inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.