Ağdərənin Suqovuşan kəndində müasir yaşayış və sosial infrastruktur yaradılıb
Ağdərə, 9 sentyabr, AZƏRTAC
Ağdərə rayonunun Suqovuşan kəndində genişmiqyaslı quruculuq, abadlıq işləri aparılıb, müasir yaşayış və sosial infrastruktur yaradılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində kəndə köç edən sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi məqsədilə hündürmərtəbəli yaşayış binalarından ibarət müasir yaşayış kompleksi salınıb. Kənddə çoxmənzilli yeni yaşayış binaları ilə yanaşı, sosial infrastrukturun yaradılmasına da xüsusi diqqət yetirilib. Kənddə məscid, məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Suqovuşanda kommunal infrastruktur da yenidən qurulub. Sakinlər fasiləsiz elektrik enerjisi, içməli su, yüksəksürətli internet və təbii qazla təmin edilir. Əhalinin gündəlik tələbatlarının daha rahat qarşılanması üçün kənddə market yaradılıb, bankomat quraşdırılıb. Kənddaxili yolların və ətraf ərazilərin abadlaşdırılması, ictimai məkanların yaradılması istiqamətində də işlər görülüb. Beləliklə, Suqovuşanda müasir və rahat yaşayış üçün zəruri infrastruktur formalaşdırılıb.
Yaşayış kompleksində idarəetmə və sakinlərin gündəlik tələbatlarının təmin olunması istiqamətində də sistemli iş aparılır. “Ağdərə-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMC) sədri Xətayi Aslanov bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədi yaşayış kompleksində sakinlərin rahatlığını, təhlükəsizliyini və nizam-intizamı yüksək səviyyədə təmin etməkdir: “Çoxmənzilli binaların idarə olunması böyük məsuliyyət və gündəlik diqqət tələb edir. Biz işimizi təkcə cari təmizlik və ya kommunal məsələlərlə məhdudlaşdırmırıq. Binaların mərkəzi istilik və su təchizatından tutmuş, liftlərin texniki təhlükəsizliyinə, qarajların istifadəsindən kanalizasiya və digər infrastruktur xətlərinin sazlığına qədər hər bir xidmət sahəsinə sistemli yanaşırıq”.
MMC rəhbəri onu da qeyd edib ki, sakinlərlə daimi əlaqə saxlanılır, hər bir müraciət operativ araşdırılır və həllini tapır. Məqsəd kompleksi daha abad, idarəetməni isə daha müasir və nümunəvi müstəviyə qaldırmaqdır.
Suqovuşanın yenidən canlandırılması, müasir yaşayış məntəqəsinə çevrilməsi ilə yanaşı, ərazinin turizm imkanlarının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin üstün cəhətlərindən biri onun əlverişli təbii-coğrafi mövqeyi və zəngin təbiətidir. Meşələri, dağlıq relyefi və su anbarı Suqovuşanda turizmin inkişafı üçün əlverişli şərait yaradır. Suqovuşanda aparılan quruculuq işləri kəndin simasını dəyişməklə yanaşı, onun sosial-iqtisadi və turizm potensialının gələcəkdə daha da artırılmasına imkan yaradır.
Müxbir – Tahir Ağaməmmədov