CƏMİYYƏT
Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər cərimələniblər
Bakı, 16 avqust, AZƏRTAC
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki marketlərdə və digər ticarət obyektlərində, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.
Rayon polis şöbəsinin dövlət yol polis bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, onları karantin-sanitar rejimi qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.
Rayon ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi həyata keçirilir.