REGİONLAR
Ağstafalı fermerlər şəkər çuğunduru sahələrinin hər hektarından 70 ton məhsul gözləyirlər VİDEO
Ağstafa, 22 iyul, Famil Quliyev, AZƏRTAC
Ağstafa rayonunda ilk dəfə olaraq 300 hektar sahədə şəkər çuğunduru əkilib. Hazırda bitkinin çıxışını mütəxəssislər qənaətbəxş hesab edirlər. Kənd təsərrüfatının bütün sahələri kimi çuğundur da diqqət mərkəzindədir. Belə ki, sahədə məhsul toplananadək insanlar mövsümi və daimi işlə təmin olunurlar. Təsərrüfatçılar bir hektardan 70 tondan çox məhsul götürəcəklərinə inanırlar.
Fermer Adıgözəl Heydanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu il ilk dəfə olaraq Dağkəsəmən kəndində 12 hektar şəkər çuğunduru əkmişəm. Sahələrdə aqrotexniki qaydada becərmə aparmışıq, indi üçüncü suvarmaya başlayacağıq. Hər hektardan 70 ton şəkər çuğunduru gözləyirik. Satışda heç bir problemimiz yoxdur. “Azərsun holdinq”lə müqavilə bağlamışıq, məhsulumuzu yerindəcə götürəcəklər”.
Adıgözəl Heydanov onu da qeyd edib ki, “Aİ-92” markalı benzinin qiymətinin qalxması məhsulun becərilməsində heç bir problem yaratmayacaq. Çünki məhsulun əkilməsində, becərilməsində və yığımında istifadə olunan texnikalar dizel yanacağı ilə işləyir.
Fermer təsərrüfatının mütəxəssisi Musa Musayev bildirib ki, sahələrdə ziyanvericilərə qarşı mübarizə aparılıb. Bol məhsul gözlənilir: “Göründüyü kimi, hektara 60-70 ton məhsul verəcəyik. Satışda da problem yoxdur. Yerindəcə qəbul edəcəklər. Gələcək planımız odu ki, bu il yaxşı olsa gələn il sahələri daha da genişləndirək”.
Ağstafada ilk dəfə əkilən çuğundurun məhsuldar olması bu sahəyə marağı xeyli artırıb. Üstəlik fermerlərə satış üçün yaradılan şərait gələn il sahələrin bir qədər genişləndirilməsinə zəmin yaradır. Bu da yüzlərlə insanın yeni iş yerləri ilə təmin olması deməkdir.