REGİONLAR
Ağsu regional miqrasiya idarəsi Göyçayda maarifləndirici tədbir keçirib
Göyçay, 27 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi Göyçayda hüquqi maarifləndirilmə tədbiri keçirib. Tədbirdə rayon ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb və təhsil işçiləri, ictimai təşkilatların, sahibkarların, rayonun mədəniyyət və turizm şöbəsinin nümayəndələri, otellərin və istirahət mərkəzlərinin təmsilçiləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının inzibati binasında təşkil olunan tədbiri rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Xəlilov açaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən davamı olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Sonra Dövlət Miqrasiya Xidmətinin məsul şəxslərinin çıxışları dinlənilib. Çıxışlarda miqrasiya sahəsində qanunvericiliyə edilən əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, yeni mobil tətbiq - MİGAZ-ın istifadəsinin üstünlükləri nümayiş etdirilib, istifadə qaydaları əyani şəkildə göstərilib. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər “Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları” videoslayd vasitəsilə nümayiş etdirilib, habelə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan məlumatlandırma vərəqələri, tələb olunan sənəd siyahıları təqdim edilib.
Tədbir çərçivəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmət göstərilib.