Ağsuda karantin qaydalarını pozan kafe aşkar edilib
Bakı, 7 yanvar, AZƏRTAC
Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində “Gözəl Ağsu” adlı kafenin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə gətiriliblər.
Ümumilikdə 17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub. Kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.