AĞSUDA “VETERANLAR KLUBU” AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Ağsu şəhərinin fəvvarələr parkında inşasına cari ilin əvvəllərində başlanılmış “Veteranlar klubu”nun açılışı olmuşdur.
Klub Milli Məclisin deputatı Ərəstun Cavadovun şəxsi vəsaiti ilə tikilmişdir.
Yüzlərlə veteranın, ziyalıların qatıldığı tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə tər çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev son illər ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan misilsiz nailiyyətlərdən, insanlara, o cümlədən veteranlara göstərilən diqqət və qayğıdan danışmışdır.
Veteranlardan Camaləddin Zeynalov, Şahnəzər Nəzərov və başqaları çıxış edərək ölkəmizdəki sabitliyə, dinamik inkişafa, insanların həyat səviyyəsinin, maddi rifahının gündən-günə yaxşılaşmasına görə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək, hər cür qayğıya layiq olan ahıllara bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini demişdir.
Sonda qırmızı lent kəsilmiş, ağsaqqallar kluba daxil olmuşlar. Veteranlar rahat mebel dəsti, rəngli televizor, stolüstü oyun avadanlıqları yerləşdirilmiş zalda rayon rəhbərləri ilə çay süfrəsi arxasında söhbət etmişlər.