Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır
Bakı, 17 iyun, AZƏRTAC
Rəqəmsallaşma, innovasiya və texnologiyalar sürətlə inkişaf etdiyindən qanunvericiliyin bu dəyişikliklərlə ayaqlaşması mühüm əhəmiyyət daşıyır. Bu, həm bazarda yaranan yeni risklərin tənzimlənməsi, həm də mövcud ekosistemin genişləndirilməsi və beynəlxalq bazarlara inteqrasiyasının təmin olunması baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bu məqsədlə Agentlik və aidiyyəti qurumlar, xüsusilə də Mərkəzi Bankın iştirakı ilə müvafiq normativ-hüquqi akt layihəsi hazırlanıb.
Fərid Osmanov bildirib ki, kraudfandinq əsasən erkən mərhələdə olan layihələrin çoxsaylı investorların kiçikhəcmli investisiyaları hesabına maliyyələşdirilməsinə xidmət edir. Vençur kapitalı fondları isə yüksək inkişaf potensialına malik startapların böyüməsini dəstəkləyən investisiya institutu və maliyyə alətidir.
O qeyd edib ki, qanun layihəsi Azərbaycanda ilk dəfə olaraq vençur kapitalı fondlarının yaradılması, fəaliyyəti və tənzimlənməsi üçün hüquqi baza formalaşdıracaq. Bu isə sözügedən investisiya mexanizminin ölkədə institusional şəkildə inkişafına şərait yaradacaq.
Fotoqraf – Aydın Məmmədov