Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib
Bakı, 17 iyun, AZƏRTAC
İstanbulda XVII Beynəlxalq Opera və Balet Festivalı uğurla yekunlaşıb. Festival müxtəlif səhnə janrlarını - opera, müasir rəqs, klassik balet, vokal konsertlərini əhatə edib.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Əyyub Quliyev deyib.
O bildirib ki, İstanbulun tanınmış Atatürk Mədəniyyət Mərkəzi və Sürəyya Dövlət Opera Teatrının səhnəsində gerçəkləşən tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Dövlət Opera Teatrlarının Birliyi tərəfindən təşkil olunub. Festival çərçivəsində Jan Lui Qrindanın quruluşunda Q.Donisettinin “Luçia di Lammermur” operası, Rikardo Amarantenin xoreoqrafiyasında P.Çaykovskinin “Qu gölü” baleti, V.Mosartın “Seralyadan qaçırılma” operasının ifaları diqqət cəlb edib.
“Həmin günlərdə keçirilən İstanbul Beynəlxalq Balet Müsabiqəsi sənətsevərləri növbəti dəfə bir araya gətirib. Müsabiqənin xüsusi qonağı olan Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova da tədbiri izləyənlər arasında olub. Beynəlxalq festivalın opera proqramında isə ölkəmizi mənimlə yanaşı, Əməkdar artistlər Ramil Qasımov (tenor) və İnarə Babayeva (soprano) təmsil ediblər. Rəhbərliyimlə İstanbul Dövlət Opera və Balet Teatrının aparıcı solistləri, simfonik orkestri və xorunun iştirakı ilə C.Verdinin “Traviata” operasının iki tamaşası anşlaqla keçib və yerli mətbuatda yüksək qiymətləndirilib. İki qardaş ölkənin musiqiçilərinin səhnədəki birgə ifası festival proqramına xüsusi rəng qatıb”, - deyə Əməkdar artist qeyd edib.