İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın görkəmli xalçaçı-rəssamı, sənətşünas-alim, Əməkdar incəsənət xadimi Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilmiş “İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi katib dosent Aynur Hacıqədirli Lətif Kərimovun Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, sənətkarın Azərbaycan mədəniyyətinin və xalçaçılıq sənətinin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayıb, xalçaçı-rəssamın 120 illik yubileyinin qeyd olunmasının milli irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin xalçaçı-rəssamı Afaq Abdullayeva və Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov məruzələrlə çıxış edərək Lətif Kərimovun Azərbaycan xalçaçılıq məktəbinin formalaşmasında və elmi əsaslarının yaradılmasında oynadığı roldan bəhs ediblər. Qeyd olunub ki, onun yaratdığı ornamentlər və xalça çeşniləri bu gün də yüksək bədii dəyəri ilə seçilir və beynəlxalq səviyyədə tanınır.
Tədbir çərçivəsində Lətif Kərimovun həyat və yaradıcılıq yolu haqqında videoslayd nümayiş etdirilib. İştirakçılar, həmçinin “Lətif Kərimov və milli irsimiz” adlı kitab sərgisi ilə tanış olublar.