DÜNYA
Aİ Serbiya ilə Kosovodan problemlərin həllini və münasibətləri yaxşılaşdırmağı istəyir
![Aİ Serbiya ilə Kosovodan problemlərin həllini və münasibətləri yaxşılaşdırmağı istəyir](/files/2023/3/1200x630/16979211175654112103_1200x630.jpg)
Belqrad, 22 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Serbiya ilə Kosovonun ittifaqa inteqrasiyası üçün iki ölkə arasındakı problemlərin həllini və münasibətlərin yaxşılaşdırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar, eləcə də İtaliya, Almaniya və Fransanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb.
Nümayəndə heyəti ilə görüşün çətin keçdiyini deyən Aleksandar Vuçiç deyib: “İnanıram ki, qarşıdakı dövrdə biz böhrandan çıxış yolunu tapacağıq. Yaxın günlərdə Brüsseldə mühüm görüşlər keçirəcəyəm”.
Miroslav Layçak isə deyib ki, Serbiya və Kosovonun Avropa İttifaqına üzvlük yolunda irəliləməsi üçün münasibətlərin normallaşması və imzalanan sazişin icrasının təmin olunması vacibdir. Serbiya və Kosovonun gərginliyi azaltmaq üçün dialoqu davam etdirməsinin və səylər göstərməsinin, həmçinin Qərbi Balkan regionunda sabitliyin bərpasının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı bələdiyyələrdə keçirilmiş seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olmuşdu. Mayın 26-da bölgədə nümayişlər keçirilmiş, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar baş vermişdi.
Sentyabrın 24-də isə Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olmuş, biri yaralanmış, 3 Kosovo serbi isə öldürülmüşdü. Bu, Belqrad və Priştina arasında gərginliyi yenidən artırmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad