AİLƏ DƏM QAZINDAN BOĞULMUŞDUR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 8-də saat 05:50 radələrində Naxçıvan şəhərinin 17-ci məhəlləsində yaşayan Culfa rayon polis bölməsinin rəisi Asif Quliyevə məxsus ümumi sahəsi 160 kvadratmetr olan 2 mərtəbəli evdə yanğın baş vermişdir. Nəticədə 80 kvadratmetr sahə yararsız vəziyyətə düşmüşdür. Yanğınsöndürənlər ev sahibinin, onun həyat yoldaşının, iki qızının və qayınının dəm qazından boğulduqlarını aşkar etmişlər.
Hadisənin “Ai-qaz” qaz-elektrik sobasının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmadığından baş verdiyi güman edilir.