AKADEMİK ƏZƏL SULTANOVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AMEA-nın Yer elmləri bölməsinin akademik–katibi, institutun direktoru, akademik Akif Əlizadə görkəmli alimin mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən danışmış, xatirəsinin daim əziz tutulduğunu bildirmişdir.
Sonra Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Çingiz Xəlifəzadənin “Akademik Ə.Sultanovun elmi, elmi-təşkilati, pedaqoji fəaliyyəti və Azərbaycanda litologiya elminin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, müxtəlif illərdə AMEA–nın Geologiya İnstitutuna
rəhbərlik etmiş akademik Əzəl Sultanov ölkəmizdə geologiya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. O, Azərbaycan neftli–qazlı məhsuldar qat çöküntülərinin əsas fasial–ritmiklik qanunauyğunluğunu ilk dəfə müəyyənləşdirmişdir.
200–dən çox elmi əsərin müəllifi olan alim Böyük Qafqazın cənub ətəklərinin təbii sərvətlərinin, xüsusilə Balakən və Zaqatala zonası filiz yataqlarının öyrənilməsində fəal rol oynamışdır.
Professor Hikmət Mahmudov, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov və digər natiqlər də akademik Ə.Sultanovun elmimizə verdiyi dəyərli töhfələrdən, onun nəcib insani keyfiyyətlərindən söz açmış, xatirələrini söyləmişlər.