Akademik: Heydər Əliyevin Azərbaycan istiqlalına olan müstəsna xidməti daim minnətdarlıqla anılacaq
Bakı, 8 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev vaxt keçdikcə bizə daha artıq yaxınlaşan, böyüklüyü daha artıq görünən müstəsna şəxsiyyətdir. Azərbaycanın hər qarışında Heydər Əliyevin göz önündəki izləri yaşamaqdadır. Zaman keçsə də Heydər Əliyev həmişə məhəbbətlə anılacaq və gələcəyin insanları ona daha artıq qiymət verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib. O bildirib ki, Heydər Əliyev bu xalq üçün ən ali dəyər olan istiqlalın, dövlət müstəqilliyimizin qoruyucusudur: “Tarixin gedişi ilə XX əsrin əvvəllərində Azərbaycan müstəqilliyini qazanmış, öz istiqlal içərisində yaşayan dövlətini qurmuşdu. Ancaq bu istiqlalın ömrü iki ilə yaxın çəkdi və sonra Azərbaycan 70 il o müstəqilliyin həsrətini çəkdi. 1991-ci ildə tarixin açdığı yeni qapı ilə istiqlalımız, dövlət müstəqilliyimiz bərpa olundu. Lakin zamanın acı kinayəsi ilə əsən siyasət yelləri 1993-cü ildə yenə, iki yaşına çatmadan o müstəqilliyimizin yolunu yarımçıq qıra bilərdi. Heydər Əliyev siyasət meydanına gəldi, dövlət rəhbərliyinə gəldi və Azərbaycan istiqlalının üçrəngli bayrağını ucalara qaldırdı. Ən çətin zamanlar, fırtınalar içərisindən o istiqlalı keçirdi. O istiqlalı üç yaşına, beş yaşına, on yaşına çatdırdı, XX əsrdən XXI əsrə keçirə bildi, ikinci minillikdən üçüncü minilliyə çatdırdı. Əsrin əvvəlində Azərbaycan istiqlalının böyük qurucularının hamısının bir yerdə görə bilmədiyi işi Heydər Əliyev təkbaşına gördü. Ona görə də Heydər Əliyevin Azərbaycan istiqlalına olan bu müstəsna xidməti ən ali qiymətlər, ən dərin minnətdarlıqlar, ən böyük sevgilərlə daim anılacaq”.