Akademik Rasim Əfəndiyev sənətşünaslıq elminə layiqli töhfələr verib
Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli sənətşünas alimin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında böyük xidmətləri olan mərhum alimin çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onun yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, R.Əfəndiyev Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr verən tədqiqatçı kimi tanınıb, dekorativ-tətbiqi sənət nümunələri ilə mədəniyyətimizi zənginləşdirib. O, elm təşkilatçısı kimi 14 ildən artıq Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik edib.
Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək sənətşünas alimin zəngin elmi irsinin sonrakı nəsillər üçün sanballı mənbə olduğunu söyləyib. Qeyd edib ki, bütün mənalı ömrü boyu R.Əfəndiyev məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-mədəni və ictimai həyatının fəal iştirakçısı olub. O, araşdırmalarında xalqımızın əsrlərboyu yaratdığı nadir sənət nümunələrinin hərtərəfli təhlilini aparıb, həmin əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərini üzə çıxararaq milli mədəni inkişafın tarixi baxımından yeri və əhəmiyyətinin müəyyənləşdirilməsinə böyük əmək sərf edib.
Tədbirdə Ərtegin Salamzadənin “Akademik Rasim Əfəndiyev: alim və elm təşkilatçısı”, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, dosent Aida Sadıqovanın “İncəsənət tarixçisi Rasim Əfəndiyev” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanılan sənət abidələrimizin aşkara çıxarılmasında R.Əfəndiyevin əvəzsiz xidmətlərinin olduğu qeyd olunub. Bildirilib ki, alimin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq kitabı və 200-dən çox məqaləsi ölkəmizdə və onun hüdudlarından kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. R.Əfəndiyev sənətşünasların beynəlxalq miqyaslı mötəbər konfrans və simpoziumlarındakı məzmunlu çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. O, elmi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirib.
Diqqətə çatdırılıb ki, R.Əfəndiyevin yarım əsrdən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Alim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Tədbirdə akademik Zemfira Səfərova, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva və başqaları Azərbaycan sənətşünaslığının aparıcı simalarından biri olan R.Əfəndiyevin elmi əsərlərinin əhəmiyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda alimin ailəsi adından çıxış edən Toğrul Əfəndiyev atasının xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.