Akademik Teymur Kərimli: Elmi-tədqiqat işləri Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə istiqamətlənib
Bakı, 18 fevral, AZƏRTAC
Dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməli, sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət daşımalıdır.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) ümumi iclasında səsləndirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə HEB-in elmi tədqiqat müəssisələrində 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub. Doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsi tövsiyə olunub.
Müzakirədən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların AMEA rəyasət heyətinə təqdim olunması haqqında qərar qəbul edilib.
Sonra HEB-in rəyasət heyətinə təqdim edəcəyi “AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hesabat məruzəsinə baxılıb. Bölmənin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, elmi müəssisələrdə aparılan tədqiqat işləri Azərbaycanın müstəqilliyinin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərinin qorunmasına istiqamətlənib.
Akademik T.Kərimli ötən ildə bölmə üzrə elektron elmin vəziyyəti, elmi kadrların hazırlanması, məqalələrin beynəlxalq indeksli jurnallarda dərci, müəssisələrin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası və digər məsələlər barədə məlumat verib.
Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, fikirlər səsləndirilib. Hesabatın qənaətbəxş sayılması və rəyasət heyətinə təqdim olunması qərara alınıb.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-təhsil inteqrasiyası” müsabiqəsinə təqdim ediləcək layihələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.