ELM VƏ TƏHSİL
Akademik Vaqif Abbasov: Hədəf və perspektivlərimiz böyükdür
Bakı, 2 oktyabr, AZƏRTAC
Hədəf və perspektivlərimiz böyükdür. Yeni yataq neftlərinin tədqiqi, səmərəli emal üçün təkliflər hazırlanması, ağır neftlərin və neft qalıqlarının neft kimya məhsullarına emalı texnologiyalarının, neftlərin və yanar şistlərin birgə emalı proseslərinin işlənməsi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun hədəfləri sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubiley tədbirində elmi müəssisənin direktoru, akademik Vaqif Abbasov söyləyib. O qeyd edib ki, institutda neft və bitki mənşəli üzvi birləşmələr əsasında aqrokimya təyinatlı məhsulların və onların alınma texnologiyaları, neftdən alınan tibbi və kosmetik yağların efir yağları ilə kompozisiyaları, Bakı neftləri əsasında yarımsintetik və sintetik baza yağlarının alınma texnologiyaları işlənib hazırlanacaq. Bununla yanaşı, elmi müəssisədə dizel distillatlarının hidrokrekinqi proseslərinin, keyfiyyətli benzin və aviasiya yanacaqlarının alınma proseslərinin işlənməsi, neft məhsullarının və onların bitki xammal növləri ilə qarışıqlarının dərin hidrokrekinqinin aparılması üçün yeni katalizatorların hazırlanması, təbii qazın neft emalına cəlb edilməsilə ağır neft məhsullarının müasir neft kimya məhsullarına çevrilməsi prosesi də həyata keçiriləcək. Bütün bunlar sənayenin inkişafına töhfələr verəcək.