Akademik Vəli Axundov böyük alim və görkəmli ictimai-siyasi xadim idi
Bakı, 12 may, AZƏRTAC
2016-cı il may ayının 14-də Azərbaycanın görkəmli dövlət xadimi, tanınmış tibb alimi və xalqımızın yetirdiyi parlaq şəxsiyyətlərdən biri olan Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 ili tamam olacaq.
V.Axundov kimi nəhəng şəxsiyyət haqqında danışmaq, onun həyatını bütün dolğunluğu ilə işıqlandırmaq çox çətindir. O, mehriban insan, gözəl alim, Böyük Vətən müharibəsi iştirakçısı, ictimai-siyasi xadim, yüksək intellektual səviyyəli şəxsiyyət idi. V.Axundovun mədəniyyətinə, intellektuallığına, öz xalqına məhəbbətinə vurğun olmamaq mümkün deyil. V.Axundovu tanıyanların dediyinə görə, onunla hər görüş insana mənəvi zövq verirdi, onun yüksək erudisiyası, dərin məlumata malik olması, faktları təhlil etmək, qiymətləndirmək bacarığı insanı heyran edirdi.
Azərbaycan tarixində tanınmış dövlət xadimi, elm adamı və böyük ziyalı kimi yadda qalan V.Axundov 1916-cı il mayın 14-də Bakı şəhərinin Saray kəndində anadan olmuş və zəngin həyat yolu keçmişdir. O, ilk təhsilini kənd məktəbində almış, 1929-cu ildə fabrik-zavod məktəbini, 1931-ci ildə sənət məktəbini, 1935-ci ildə Bakı Sənaye Texnikumunu bitirmişdir. 1937-ci ildə V.Axundov Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, institutda oxumaqla yanaşı, ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar uğrunda” qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifələrində çalışmışdır.
1941-ci ildə institutu bitirdikdən sonra, iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirak etmişdir. Böyük həkimlik istedadına malik olan V.Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış, tibb tarixi kafedrasında assistent işləmişdir. 1946-cı ilin oktyabr ayında Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Elmi fəaliyyətini ictimai-siyasi fəaliyyəti ilə bacarıqla uzlaşdırma qabiliyyəti V.Axundovun bir sıra məsul vəzifələrə irəli çəkilməsində böyük rol oynamışdır. 1949-cu ilin may ayından səhiyyə nazirinin birinci müavini işləməyə başlamış, 1952-ci ilin may ayında Bakı vilayət səhiyyə şöbəsinə müdir təyin olunmuşdur. Bu idarənin ləğv olunması ilə əlaqədar V.Axundov 1953-cü ilin iyul ayından 1954-cü ilin aprel ayına qədər əvvəlcə ET Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru, sonra isə Azərbaycan KP MK-da inzibati və ticarət-maliyyə şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır.
Respublikada İ.Mustafayev, M.İbrahimov və S.Rəhimovdan ibarət yeni rəhbərlik formalaşdıqdan sonra - 1954-cü ilin aprel ayında, V.Axundov Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmiş, 1958-ci ilin fevral ayına kimi bu vəzifədə işləmişdir. Həmin dövrdə o, respublikamızın iri sənaye şəhərlərinin sanitariya-epidemioloji şəraitini öyrənmiş, respublika əhalisinin sağlamlığının qorunması sahəsində bir sıra kütləvi sanitariya-epidemioloji tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə, bir çox tibbi xidmət növlərinin təkmilləşdirilməsi məsələlərinə rəhbərlik etmişdir. Şəhər və kəndlərin sanitariya baxımından sağlamlaşdırılması tədbirləri onun tövsiyələri əsasında keçmiş ittifaqın başqa yerlərində də həyata keçirilmişdir. V.Axundovun elmi işlərinin nəticələri 1956-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapmışdır.
V.Axundov xalqını sevən, milli dəyərləri qoruyan bir rəhbər olmuşdur. Səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Respublika Ali Sovetinin “Azərbaycan dili haqqında” Fərmanından sonra V.Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar.
Nəzəri hazırlığı və böyük təcrübəsi V.Axundovun 1958-ci ilin fevral ayında Azərbaycan KP MK katibi kimi yüksək partiya işinə irəli çəkilməsinə zəmin yaratdı və bu vəzifədə 6 aydan da az işlədikdən sonra 1958-ci ilin iyul ayında İ.Mustafayevin təqdimatı ilə o, respublika Nazirlər Sovetinin sədri təyin edildi. Ümumiyyətlə, V.Axundov kimi siyasi hazırlıqlı və zəngin dünyagörüşünə malik bir insanın qeyd olunan vəzifələrə irəli çəkilməsində və onun siyasi karyerasının formalaşmasında İ.Mustafayevin rolu çox böyük olmuşdur.
Qeyd etmək lazımdır ki, N.Xruşovun hakimiyyətdə olduğu dövrdə SSRİ-də diktaturanın “yumşalması” fonunda Azərbaycanda ictimai fikirdə, ədəbiyyatda, milli şüurda, milli ruhda çox böyük dəyişikliklər baş verirdi, xalq arasında milli kimlik ideyası müzakirə olunmağa başlayırdı. 1959-cu ilin payızında Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini general İ.Şikinin sədrliyi ilə Azərbaycanda millətçiliyin güclənməsi faktlarını üzə çıxarmaq üçün komissiya işləməyə başlamışdı və bu komissiyanın arayışında V.Axundovun səhiyyə naziri işlədiyi dövrdə xəstəlik tarixlərinin Azərbaycan dilində yazılmasına göstəriş verməsi, eləcə də Nazirlər Sovetinin sədri olan vaxt, 1959-cu ilin mart ayında rus məktəblərində Azərbaycan dilinin tədris edilməsi haqqında məruzəsi kəskin tənqid olunmuşdu. Yəni, V.Axundov Moskva tərəfindən Azərbaycanın millətçiliyə görə cəzalandırılan bir komandasının üzvü kimi qəbul olunurdu. Bu səbəbdən, Azərbaycan KP MK birinci katibi vəzifəsinə V.Axundovun təyin olunması barədə Sov.İKP MK baş katibi N.Xruşovun təklifi nəinki Azərbaycan rəhbərliyi, hətta Sov.İKP MK Rəyasət Heyətinin üzvləri üçün də gözlənilməz oldu. 1959-cu ilin iyul ayında Azərbaycan KP MK-nın IX plenumunda V.Axundov, 43 yaşında Azərbaycan KP MK birinci katibi kimi çox məsul və yüksək vəzifəyə təyin olundu və 10 il bu vəzifədə işlədi.
Millətçilik üstündə damğalanmış bir respublikaya rəhbərlik etmək elə də asan deyildi, lakin vəziyyətin mürəkkəbliyinə baxmayaraq, V.Axundov idarəçilikdə o qədər də sərt olmadı, ədəbiyyatın və sənətin “qırmızı xətti”nə çevrilmiş milli ideya axtarışı davam edirdi.
1964-cü ildə, N.Xruşov sovet rəhbərliyindən kənarlaşdırıldıqdan sonra V.Axundov onun qəzəbinə gəlmiş, millətçiliyə görə yüksək vəzifələrdən uzaqlaşdırılmış adamları rəhbər vəzifələrə qaytardı. 1959-cu ildə N.Xruşovun “faşistlərdən də qatı millətçi” adlandırdığı Mirzə İbrahimova V.Axundovun təklifi ilə 1961-ci ildə Azərbaycanın “Xalq Yazıçısı” fəxri adı verildi. 1965-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi. Hələ 1961-ci ildə N.Xruşovun şəxsi göstərişi ilə Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsindən uzaqlaşdırılan Şıxəli Qurbanovu 1966-cı ildə V.Axundov yenidən MK-da daha yüksək vəzifəyə, ideoloji məsələlər üzrə katib vəzifəsinə qaytardı. Kosmopolitizmə qarşı mübarizə fonunda rəhbər partiya işindən uzaqlaşdırılmış Cəfər Cəfərov 1967-ci ilin avqustunda respublika KP MK-nın katibi seçildi. Uzun müddət Azərbaycanda formalaşmış bir ənənəni də məhz V.Axundov pozdu. Dövlət təhlükəsizliyi orqanının başında dayanan sonuncu azərbaycanlı Novruz Rizayev olmuşdu. 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına Frinovski, Aqrba, Sumbatov, Rayev, Yemelyanov, Quskov, Kopılov, Kardaşev və Sviqun başçılıq etmişdi. V.Axundovun təklifi və verdiyi xasiyyətnamə ilə ilk dəfə 1967-ci ilin iyununda Azərbaycanın taleyində çox böyük rol oynayan ulu öndər Heydər Əliyev respublika təhlükəsizlik orqanının rəhbəri seçilmişdi.
V.Axundov 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki Vərəm Dispanserinin həyətində dəfn edilmiş Cənubi Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvərinin məzarını Fəxri xiyabana köçürməyə Moskvadan icazə ala bildi. 1960-cı il mart ayının 22-də Azərbaycan KP MK bürosu S.C.Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. 1965-ci ildə isə V.Axundov Pişəvərinin seçilmiş əsərlərinin nəşrinə də icazə ala bildi və Bakı küçələrindən biri də onun adını daşımağa başladı.
1966-cı ildə MK Bürosu Novruz bayramının keçirilməsinin təşkili işinin MK katibi Ş.Qurbanova tapşırılması barədə qərar qəbul etdi və o, bu işin öhdəsindən böyük məharətlə gəldi.
V.Axundovun ictimai fəaliyyəti də diqqəti cəlb edirdi. O, 1958-ci ildə Belçikada sərgiyə gedən nümayəndə heyətinin tərkibində olmuşdu, 1963-cü ilin oktyabr ayında Əlcəzairdə baş verən inqilabın 9-cu ildönümündə iştirak etmək üçün oraya gedən Sov.İKP nümayəndə heyətinin rəhbəri olmuşdu. 1964-cü ilin iyul ayında o, “26 iyun milli üsyan günündə” iştirak etmək üçün Kubaya gedən sovet ictimai təşkilatlarının nümayəndə heyətinə rəhbərlik etmişdi. 1966-cı ildə SSRİ Ali Sovetinin parlament nümayəndə heyətinin tərkibində İngiltərədə olmuşdu.
Rəhbər vəzifələrdə çalışarkən V.Axundov bir an belə elmi fəaliyyətini dayandırmamış, elmi axtarışlarını davam etdirmişdir. 1964-cü ildə V.Axundov doktorluq dissertasiyası müdafiə etmiş, 1966-cı ildə “professor” elmi adını almışdır.
1969-cu il iyul ayında Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edildikdən sonra V.Axundova SSRİ səhiyyə nazirinin birinci müavini və Belçikada səfir vəzifələri təklif olunmuşdu, lakin heç birinə razılıq verməmişdi, öz respublikasından, xalqından ayrıla bilməmişdi. Həmin ildə o, Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdi.
1969-1972-ci illərdə respublika Elmlər Akademiyasının vitse-prezidenti olan V.Axundov özünü yenidən bütünlüklə elmi fəaliyyətə həsr etmişdir, onun maraq dairəsi çox geniş və hərtərəfli olmuşdur. İnsanın sağlamlığı və ətraf mühit amillərinin korrelyasiya qanunauyğunluğu, sosial gigiyena və tibbi kibernetika, qida məhsullarında pestisidlərin sirkulyasiyası və s. öyrənilməsi, əhali arasında xəstələnmənin azaldılması üzrə elmi baxımdan əsaslandırılmış tədbirlərin işlənib hazırlanması və səhiyyə idarələrinin iş təcrübəsində tətbiqi, elmi tədqiqatların təşkili (elmşünaslıq) və elmin metodoloji məsələlərinin həlli, ekoloji problemlərin öyrənilməsi və alınan nəticələr əsasında xarici mühitin sağlamlaşdırılması proqramlarının işlənib hazırlanması V.Axundovun elmi fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.
1972-ci ildə akademik V.Axundov ET Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru vəzifəsinə təyin olundu. Bu, təbii idi. Belə ki, V.Axundov 1946-cı ilin may ayından 1965-ci ilin mart ayına kimi ictimai əsaslarla bu institutda baş elmi işçi, 1965-ci ildən sonra isə kənd yaşayış yerlərinin gigiyenası şöbəsinin müdiri vəzifələrində işləmişdi. O, 1986-cı ilədək bu instituta rəhbərlik etmişdir. Bu dövrdə institutda mikrobiologiya, virusologiya və gigiyena sahəsində geniş elmi tədqiqatlar aparılmış, institutda yerinə yetirilən tədqiqatların səviyyəsində, tematikanın genişlənməsində, informasiyanın işlənməsinin yeni üsullarının tətbiqində və kadr hazırlığında demək olar ki, inqilabi dəyişikliklər baş vermişdir. İnstitut SSRİ miqyasında nümunəvi və aparıcı institutlardan birinə çevrilmişdi və yüksək dərəcəli institut statusuna layiq görülmüşdü. İnstitutun bazasında dəfələrlə elmi konfranslar, qurultaylar keçirilmişdi.
V.Axundovun təşəbbüskarlığı və uzaqgörənliyi sayəsində institutda ingilis dili kursları təşkil olunmuş, alim və mütəxəssislər bu kurslarda ingilis dilinin öyrənilməsinə cəlb olunmuşlar. Hətta respublikada ilk dəfə olaraq ingilis dilində elmi konfranslar da təşkil olunub keçirilməyə başlanmışdır. Bu konfranslarda elmi məruzələr və müzakirələr yalnız ingilis dilində aparılırdı. Tədqiqatların müasir səviyyədə yerinə yetirilməsi üçün ehtiyac yarandıqda V.Axundovun rəhbərliyi ilə tezliklə əlavə korpus inşa edilmiş, müasir tibbi avadanlıqla təchiz olunduqdan sonra istifadəyə verilmişdir.
Siyasi və dövlət xadimi kimi məşhur olan V.Axundov elmdə də uca zirvələri fəth etdi. Onun istər elmi, istərsə də şəxsi nüfuzu nəinki respublikada, həm də keçmiş ittifaqda - Moskva, Leninqrad, Kiyev, Tbilisidə və s. qeyri-adi dərəcədə yüksək idi.
V.Axundov yüksək ixtisaslı milli kadrların yetişdirilməsi üçün əlindən gələni etməklə yanaşı, bu məsul işi başqalarından da tələb edirdi. Onun rəhbərliyi ilə çox sayda doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdur.
Elm aləminin görkəmli nümayəndələri - akademiklər A.A.Vişnevski, V.M.Jdanov, L.V.Qromaşevski, V.D.Timakov, M.A.Topçubaşov, M.P.Çumakov, Q.İ.Sidorenko V.Axundovun elm sahəsində fəaliyyətinə, onun elmi uğurlarına çox yüksək qiymət vermişlər. Akademik V.Axundov Azərbaycan gigiyenistlərinin və sanitariya həkimlərinin elmi cəmiyyətinin sədri, Epidemioloqlar, Mikrobioloqlar və İnfeksionistlərin Elmi Cəmiyyətinin üzvü, keçmiş ittifaqın Tibb Elmləri Akademiyasının Rəyasət Heyətinin nəzdində “Həyat Şəraiti və Sağlamlığın Öyrənilməsi” üzrə Beynəlxalq Tibb Assosiasiyasının milli komitəsinin üzvü, “Yaşayış Yerlərinin Gigiyenasının Elmi Əsasları” Ümumittifaq Problem Komissiyasının üzvü olmuşdur.
V.Axundov 5 monoqrafiya, 11 elmi-kütləvi kitabça, 150-dən artıq elmi əsər, eləcə də respublikanın mədəniyyəti və iqtisadiyyatına, ictimai-siyasi məsələlərə həsr olunmuş 350-dən çox elmi-kütləvi məqalə və çıxışların müəllifidir. V.Axundov məktəbinin irsi indi də tibb ictimaiyyəti, ümumiyyətlə ziyalılar üçün çox faydalı mənbədir.
Akademik V.Axundov böyük alim və görkəmli ictimai-siyasi xadim olmaqla, yüksək mədəniyyətə malik bir insan kimi, işgüzarlıq, özünə və tabeliyində işləyənlərə qarşı tələbkarlıq kimi xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, dəfələrlə ittifaq və respublika Ali Sovetinə deputat seçilmişdir, respublikanın və keçmiş ittifaqın ən yüksək qurumlarında, rəhbər partiya və sovet orqanlarında böyük məhəbbət bəslədiyi xalqımızı təmsil etmiş, onun mənafeyini müdafiə etmişdir. V.Axundov istedadlı alim, elm və səhiyyə təşkilatçısı kimi bütün yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olmuşdur. Yüksək intellekt, sadəlik, səmimilik, vətəninə, millətinə vurğunluq, başqasına yardım əlini uzatmaq kimi xüsusiyyətlər ona xas olan cəhətlərdir. Onunla hər görüş insana mənəvi zövq verirdi, onun yüksək erudisiyası, dərin məlumata malik olması, faktları təhlil etmək, qiymətləndirmək bacarığı insanı heyran edirdi.
Bakıda böyük şairimiz Məhəmməd Füzulinin yubileyi keçirilərkən, yubiley şənliklərinə Şərq ölkələrindən də qonaqlar dəvət olunmuşdu. Həmin günlərdə Vəli Axundov respublika ziyalıları ilə birlikdə Türkiyədən gəlmiş məşhur bir alimi qəbul edirdi. Qəbulda V.Axundov Məhəmməd Hadidən, Mirzə Ələkbər Sabirdən, Tofiq Fikrətdən, Nazim Hikmətdən, Abbas Səhhətdən şeirlər demişdi. Türk alimi özünü saxlaya bilməyib soruşmuşdu: Əfəndim, mən bilirəm ki, siz təbibsiniz, ədəbiyyata bu cür maraq, onun bilicisi olmaq sizdə haradan yaranıb? O, cavab vermişdi: Mən tibb elmini musiqisiz və ədəbiyyatsız təsəvvür etmirəm. Gözəl mahnı, istedadla yaranmış bədii əsər həkimin əkiz qardaşlarıdır.
Bir dəfə V.Axundov görkəmli tacik şairi Mirzo Tursunzadə ilə təyyarədə Moskvaya uçurmuş. Yolda o, ədəbiyyatdan söhbət açmış, A.S.Puşkinin “Yevgeni Onegin” poemasından parçaları əzbər söyləmişdi. Sonralar M.Tursunzadə bizim professorlardan birinə öz təəccübünü bildirmişdi.
Dövlət və partiya xadimi kimi V.Axundovun fəaliyyətində kadrlara yüksək tələbkarlıq və qayğı başlıca meyar olmuşdur. O, çox ədalətli, təmiz, vicdanlı, xalqını sevən, onun tarixinə, mədəniyyətinə, dilinə, adət-ənənələrinə hörmət edən, qayğı ilə yanaşan rəhbər idi.
V.Axundov həm də gözəl və qayğıkeş ailə başçısı olmuş, övladlarının cəmiyyətə layiq insanlar kimi yetişməsi üçün əlindən gələni etmişdir.
V.Axundov çoxillik siyasi, ictimai, elmi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsi illərində göstərdiyi xidmətlərə görə Lenin ordeni, II dərəcəli Vətən müharibəsi, “Qızıl ulduz” ordenləri və 5 medalla təltif olunmuşdur.
1986-cı il avqustun 22-də V.Axundov Bakı şəhərində dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. O, artıq neçə illərdir ki, sıralarımızda yoxdur, lakin bütün ömrünü öz xalqının tərəqqisi naminə yaşamış və fəaliyyət göstərmiş bu şəxsiyyət heç vaxt unudulmur.
1996-cı il iyunun 20-də Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 353 saylı Sərəncamı ilə bu böyük alimə, görkəmli siyasi xadimə layiq olduğu hörmət və ehtiramın nümayişi kimi, bizim institutumuza - Milli ET Tibbi Profilaktika İnstitutuna akademik Vəli Axundovun adı verilmişdir. Fəxr edirik ki, institutumuz V.Axundov kimi təmiz, vicdanlı, xalqını sevən, onun tarixinə, mədəniyyətinə, musiqisinə, dilinə və adət-ənənələrinə səcdə edən şəxsiyyətin adını daşıyır və biz onun yolunu sədaqətlə davam etdiririk.
Heydər Əliyevin 21 aprel 1996-cı il tarixli Sərəncamı əsasında 21 iyun 1996-cı ildə V.Axundovun anadan olmasının 80 illik yubileyi AMEA-da qeyd olunmuşdur. Yubiley iclasındakı çıxışında Heydər Əliyev qeyd etmişdi: “Azərbaycanın birinci rəhbəri kimi, o dövrdə görülmüş işlərdə, qazanılmış uğurlarda Vəli Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bu gün bunu böyük məmnuniyyətlə qeyd edirəm”.
Akademik V.Axundovun 90 illik yubileyi də böyük təntənə ilə keçirilmişdi. İnstitutumuzda bu yubileyə həsr olunmuş elmi konfrans keçirilmiş və institutun elmi əsərlər məcmuəsi çap olunmuşdur.
2016-cı il yanvarın 15-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik V.Axundovun 100 illik yubileyinin qeyd olunması qərara alınmışdır. Mayın 4-də institutumuzun kollektivi bu yubileyi layiqli şəkildə qeyd etdi. V.Axundovun ailə üzvləri, yaxınları ilə birlikdə Fəxri xiyabandakı qəbrini ziyarət etdik, dəvət etdiyimiz qonaqlarla birlikdə təntənəli yığıncaq keçirdik, akademik V.Axundovun direktor olduğu vaxtda institutda fəaliyyət göstərmiş əməkdaşlarımız maraqlı xatirələrini danışdılar.
Neçə-neçə illər ötüb keçəcəkdir, ancaq yaşadığı illərə sığmayan, işıqlı ömrü ilə ölümsüzlük qazanan, xalqımızın unudulmaz oğlu Vəli Axundovun parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gələcək nəsillər onu böyük bir şəxsiyyətə inam hissi ilə, mənəvi saflaşma, daxili təmizlənmə duyğusu ilə yad edəcəklər.
Allah rəhmət eləsin! Ruhu şad olsun! Nur içində yatsın!!!
Məşuqə Əlili
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi
Profilaktika İnstitutunun elmi katibi, dosent