“AKKORD” YENİ YAŞAYIŞ KOMPLEKSİNI SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Akkord İnşaat-Sənaye” Açıq Səhmdar Cəmiyyəti inşa etdiyi daha bir yaşayış kompleksini sakinlərin ixtiyarına vermişdir.
Şirkətdən bildirmişlər ki, paytaxtın Xətai rayonunda, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən 6 binadan ibarət yaşayış kompleksi sentyabrın 5-də sakinlərin istifadəsinə verilmişdir. Bakı şəhərinin ümumi ansamblı ilə harmoniya təşkil edən binaların tikintisində yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Yeni binalar möhkəm seysmik konstruksiyaya malikdir, ventilyasiya, yanğınsöndürmə və drenaj sistemləri ilə təchiz olunmuşdur. Kompleksdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Bundan əlavə, mini rəqəmsal telefon mərkəzi, daimi isti və soyuq su, ehtiyat generatorlar, yeraltı qarajlar, habelə 24 saatlıq mühafizə sakinlərin rahatlığını təmin edəcəkdir.
Kompleksin açılış mərasimində iştirak edən ASC idarə heyətinin sədri Hikmət Qəribov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rəmzi qırmızı lenti kəsmişlər. Mərasimdə ənənəyə uyğun olaraq sakinlər arasında qiymətli məişət əşyalarından ibarət uduş kampaniyası da keçirilmiş, 120 sakin hədiyyələrə sahib olmuşdur.
Şirkətin Yasamal rayonunda inşa etdiyi 220 mənzilli bina da yaxın vaxtlarda sakinlərin ixtiyarına veriləcəkdir.
######
