İQTİSADİYYAT
AKTA tərəfindən “İnformasiya təhlükəsizliyi” üzrə fənn sillabusları hazırlanaraq universitetlərə təqdim olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və “ÖzünÖyrən” platforması tərəfindən bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə keçən il təsdiq olunmuş yeni təhsil proqramının icrası üçün sənayenin müasir tələblərinə cavab verən nümunəvi sillabusların tərtib olunması təşəbbüsünə başlanılıb.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, 2022-ci ildə Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər, o cümlədən AKTA sədri Elvin Balacanov, “ÖzünÖyrən” platformasının həmtəsisçisi Adil Əliyevin iştirakı ilə hazırlanmış təhsil proqramı elm və təhsil nazirinin 2022-ci il 28 iyul əmri ilə təsdiqlənib.
Universitetlər tərəfindən adıçəkilən təhsil proqramının effektiv tətbiq olunmasına, proqramda öz əksini tapmış bəzi fənlərin tədrisinin sənayenin müasir tələblərinə uyğun hazırlanmasına dəstək vermək məqsədilə AKTA və “ÖzünÖyrən” əməkdaşları tərəfindən nümunəvi fənn sillabusları hazırlanmış və aidiyyəti universitetlərə təqdim olunub.
Qeyd edək ki, fənlərin tədrisi ilə əlaqədar yaranmış ehtiyacların müəyyən olunması üçün daha əvvəl müvafiq ali məktəblərdən məlumatlar toplanılıb. Beləliklə, 2023-cü ilin qış semestri üçün “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” və “Veb-təhlükəsizlik” fənləri üzrə nümunəvi sillabuslar hazırlanaraq ali məktəblərə təqdim edilib.
Adıçəkilən təhsil proqramı üzrə tədrisin həyata keçirilməsinə dəstək verilməsi məqsədilə gələcəkdə digər fənlər üçün də nümunəvi sillabusların hazırlanaraq müvafiq ali təhsil müəssisələrinə təqdim olunması planlaşdırılıb. Müəllimlər arasında sıx əlaqələrin qurulması, təhsilin tələblərinin yaxından öyrənilməsi və gələcəkdə bu kimi layihələrin birgə həyata keçirilməsi məqsədilə müvafiq platforma üzərindən müəllimlər üçün kommunikasiya imkanları da yaradılıb.
Bu təşəbbüsün tərkib hissəsi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həm bakalavr, həm də magistratura pillələrində tədris olunan bəzi fənlər üzrə yerli və xarici ekspertlərin birgə tərtib etdiyi onlayn kursların da hazırlanması nəzərdə tutulub.
AKTA tərəfindən hazırlanan və həm müəllimlər, həm də tələbələr üçün nəzərdə tutulmuş bu kursların “ÖzünÖyrən” Kütləvi Açıq Onlayn Kurs platforması üzərindən yaxın gələcəkdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.