Aktauda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” həsr olunan tədbir keçirilib
Aktau, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın Aktaudakı Baş konsulluğunun təşəbbüsü ilə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş videoformatlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun başçısı vəzifəsini icra edən Elmar Məmmədov, Qərbi-Qazaxıstan vilayətinin Akim müavini Bakıtcan Narınvetov, Mangistau vilayətinin Akim müavini Bekbol Orınbasarov, Atırau vilayət akimatlığının rəsmi nümayəndəsi, Qərbi-Qazaxıstan, Atırau, Mangistau vilayətlərində fəaliyyət göstərən milli icma rəhbərləri və nümyəndələri, Aktauda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, eyni zamanda, ziyalılar və mətbuat nümayəndələri iştirak edib.
Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elmar Məmmədov bu il “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünün ölkəmizdə torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirərək, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasını fəxr hissi ilə vurğulayıb.
O, konsulluq dairəsində yerləşən diasporlarımızla Akimatlığın birgə işləri, eləcə də yüksək səviyyədə olan münasibətlərini qiymətləndirərək vilayət rəhbərlərinə öz təşəkkürünü bildirib.
Diplomat Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Elbaşı-Nursultan Nazarbayevin mühüm xidmətlərini və hazırda bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
E. Məmmədov xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən danışıb, həmçinin Azərbaycan və Qazaxıstanı tarixi köklərimiz və mədəniyyətimizdən başqa, mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini söyləyib. Bu xüsusda, ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin səmərəli əməkdaşlıqla davam edəcəyini vurğulayıb.
Tədbir zamanı iştirakçılar vilayətlərdə yaşayan soydaşlarımızın mədəni, iqtisadi və digər mühüm sahələrdə olan müsbət rollarından söz açıblar. Bununla yanaşı, vilayətlərdə mövcud olan iqtisadi və siyasi vəziyyət barədə məlumat verilib. Daha sonra “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” münasibətilə Qazaxıstan rəsmiləri, vilayətlərdə fəaliyyət göstərən diaspora nümayəndələrimiz və Aktau şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları Azərbaycan xalqını təbrik ediblər.
Görüşdə tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi də aparılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan