Aktauda Orta Dəhliz üzrə daşımaların artırılması perspektivləri nəzərdən keçirilib
Astana, 23 iyul, AZƏRTAC
Qazaxıstan Baş naziri Oljas Bektenov və Özbəkistanın Baş naziri Abdulla Aripov İkitərəfli Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işi çərçivəsində Aktau Beynəlxalq Dəniz Ticarət Limanında olublar.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hökumət başçıları müəssisənin infrastrukturuna və liman qurğularına baxış keçiriblər.
Aktau limanı Qazaxıstanın ən böyük dəniz qovşağı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas obyektlərindən biridir. Ümumi sahəsi 44 hektar olan müəssisə ildə 12 milyon tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
O.Bektenov vurğulayıb ki, hökumət dəniz infrastrukturunun inkişafına prioritet diqqət yetirir. Qazaxıstan Kurık limanında dibdərinləşdirmə işlərini başa çatdırıb, Aktau limanında oxşar layihənin isə ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bu, tam yüklənmiş gəmilərin limana daxil olmasına və ötürücülük qabiliyytinin artırılmasına imkan verəcək.
“Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyətinin sədri Eljas Otınşiyev məruzə edib ki, Aktau və Kurık limanlarının ümumi tutumu ildə təxminən 22 milyon tondur. Son illərdə Qazaxıstan limanlarından keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə konteyner tranziti 3,8 dəfə artıb. Aktau limanında ildə 140 min TEU tutumuna malik konteyner mərkəzinin birinci mərhələsi artıq istifadəyə verilib, 2028-ci ilə qədər isə onun tutumu 240 min TEU-ya çatacaq. Bundan əlavə, altı konteyner gəmisinin tikintisi üçün sifarişlər yerləşdirilib. Şalkar-Beyneu və Beyneu-Manqistau dəmir yolu hissələrinin modernləşdirilməsi də başa çatmaq üzrədir.
Özbəkistan tranzitinə ayrıca diqqət yetirilib: ötən il Aktau və Kurık limanlarından keçən Özbəkistan yüklərinin həcmi 60 faizdən çox artıb.