Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistan hakimiyyəti ilə diaspor arasında qarşıdurma yaradıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşin ötən gün Belarusdan ölkəmizə ekstradisiya edilib. İndi o, qanunsuz hərəkətlərinə görə Bakıda mühakimə olunacaq.
Bu barədə Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov AZƏRTAC-a açıqlamasında deyib.
A.Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlığın olduğunu vurğulayan deputat bildirib: “Ermənistan mətbuatı bunu aşıq şəkildə büruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır. Erməni diasporu bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil edirdi. Narahatlıq isə ondan qaynaqlanır ki, bundan sonra hansısa xarici vətəndaş çətin ki, işğal altındakı torpaqlarımıza səfər etsin”.
F.Muradov bəzi qüvvələrin A.Lapşinin ekstradisiyasını siyasiləşdirməyə çalışdığını qeyd edərək deyib: “Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsin. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək”.
Deputat bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir.
“Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi qarşıdurma yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti ittiham olunur. Erməni diasporu iddia edir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə oraya gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir. Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam işğal altındakı ərazilərimizə Azərbaycandan icazəsiz gedirsə, deməli, o, Azərbaycan dövlətinə və xalqına qarşı çıxır. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş əraziyə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik maddələrin dövriyyəsinin artmasını heç kim istisna edə bilməz”.