“Aleksandr Puşkinin hekayəsi” filminin nümayiş tarixi açıqlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Böyük rus şairi, dramaturq və nasiri Aleksandr Puşkin haqqında musiqili janrda ekranlaşdırılan “Aleksandr Puşkinin hekayəsi" filminin premyerasının 2025-ci il fevralın 13-də keçirilməsi planlaşdırılıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərində Aleksandr Puşkin obrazını Yuri Borisov, şairin həyat yoldaşı Nataliya Qonçarovanı isə Alena Dolqolenko canlandıracaq.
Rejissor Feliks Umarovun lentə aldığı “Aleksandr Puşkinin hekayəsi” adlı tarixi ekran əsərində şairin ömür yolundan bəhs olunacaq. Rus poeziyasının zirvələrindən olan A.Puşkinin tələbə vaxtlarından ölümcül duelə qədər olan həyatı haqqında genişmiqyaslı hekayə təqdim ediləcək.
Filmdə Aleksandr Puşkin qaranlıq və işıqlı tərəflərin bir-biri ilə mübarizə apardığı mürəkkəb və çoxşaxəli obraz kimi çıxış edəcək.
Qeyd edək ki, çəkilişlər Sankt-Peterburq və şəhərətrafı ərazilərdə, o cümlədən ədibin ev-muzeyində aparılacaq. Bundan başqa, çəkiliş qrupu Mixaylovskoye muzey-qoruğunda da çalışacaq.
Maraqla gözlənilən ekran əsərinin aktyor heyətində Kai Goetz, Roman Vasilyev, Alena Dolgolenko, Anya Çipovskaya, İlya Lyubimov, Yevgeni Şvarts, Sergey Gilev, Florian Desbiendra və İlya Vinoqorski yer alacaq.