Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş katibi Milli Məclisdə olub
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə toplantısının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.
Söhbət zamanı Sahibə Qafarova qonaqlara Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.
Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kai bildirib ki, Azərbaycanın təşkilatçılığı sayəsində ASOSAI və ARABOSAI assosiasiyalarının üzvləri Şərqlə Qərbin qovşağında bir araya gələrək dövlət sektorunda auditin inkişafını müzakirə etmək imkanı qazanıblar.
Qonaq dövlət sektoru auditinin milli nəzarət sisteminin mühüm tərkib hissəsi olması və bütün ölkələrin sosial-iqtisadi inkişafında əvəzolunmaz rolu barədə danışıb. O, Azərbaycanın dünyada ekoloji təhlükəsizliyin qorunmasındakı rolu, ölkəmizdə COP29-un uğurla keçirilməsi və orada mühüm məsələlərin müzakirə olunması barədə də fikirlərini bölüşüb, Azərbaycana sülh və davamlı inkişaf arzularını çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.