CƏMİYYƏT
Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmamasıdır
![Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmamasıdır](/files/2023/3/1200x630/16982254124015837189_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya şöbəsində məişət zorakılığından zərər çəkmiş 73 qadın və 28 kişiyə xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, bu məlumat oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.
Bildirilib ki, agentlikdə 2022-ci ilin fevralından “Qayğı” Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Çağrı Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məişət zorakılığına məruz qalmış şəxslərə dəstək xəttidir. İl ərzində “Qayğı” Çağrı Mərkəzinə ümumilikdə 11 min 335 zəng daxil olub ki, bunlardan 29-u məişət zorakılığı ilə bağlı olub. Statistikanın təhlili göstərir ki, ailələrdə baş verən məişət zorakılığı halları intiharların və boşanmaların artmasına gətirib çıxarır. Alimentlərin ödənişində isə bir sıra problemlər üzə çıxır.
Bakının 12 rayonu üzrə 26 min 463, Azərbaycanın bölgələri üzrə 58 min 157 aliment ödəyicisi var. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.